logo
Baş səhifə Əlaqə məlumatı Sayt haqqında məlumat
Telefon nömrələri

Ölümü uşaqlara necə deməli?

Gülər Hacıyeva, pedaqoq

Ölümü bilirlər

Artıq bunu bilirik ki, uşaqlar ölümün fərqindədir. Onlar ölmüş quş, həşərat və heyvanların cismləri ilə hər yerdə qarşılaşa bilirlər. Həmçinin, ölümü televizor ya da, bir video oyunda görə bilirlər. Ölüm haqqında hekayələrdə də oxuyur, bunu isə öz oyunlarında həyata keçirirlər. Ölüm gündəlik yaşamın bir parçasıdır və uşaqlar hansı dərəcədə olsa da, onun fərqində olurlar. Əgər uşaqlara bizlə ölüm haqqında danışmağa icazə versək, onlara lazım olan məlumatı vermiş olarıq. Qarşılaşa biləcəkləri böhrana hazırlamış və kədərli anlarında kömək etmiş olarıq.

Ünsiyyətə manelər

Çoxumuz bizi kədərləndirən mövzular haqqında danışmaqdan boyun qaçırırıq. Üstünü örtməyə, ya da hislərimizi gizlətməyə çalışaraq ümid edirik ki, heç nə deməmək ən yaxşısı olacaqdır. Ancaq heç nə deməmək ünsiyyət qurmadığımız mənasına gəlmir. Uşaqlar üzümüzdəki ifadəni oxuya bilirlər. Biz etdiyimiz hərəkətlərlə, söylədiyimiz sözlərlə və eyni zamanda susqunluğumuzla da özümüzü ifadə edirik. Uşaq üçün belə bir fikir formalaşır: «Əgər atam və anam bu haqda danışmaq istəmirsə, bu pis birşey olamalıdır və bu haqda danışmaq qadağandır» Və ya, «Mən bu mövzuda danışmamalıyam, çünki atamın və anamın kədərini artıracam» Beləliklə, uşaqların daha çox narahat olmasına və gerçək hislərini bizdən gizlətmələrinə səbəb oluruq. Uşağın naməlum qorxusunun açıq gerçəkdən daha pis olduğunu unutmamalıyıq. Uşağın fantaziyasıyla çox pis səhnə yaratmasına və ya doğru olmayan gerçək haqqında düşünməsinə səbəb ola bilərik.

Bütün cavabları bilmiriksə...

Uşaqlarla danışdığımız zaman özümüzü narahat hiss edirik, çünkü bütün sualların cavablarını bilmirik. Uşaqlar isə valideynlərinin ölüm haqqında hər şeyi bildiklərinə inanırlar. Lakin ölüm yeganə gerçəkdir ki, haqqında bütün gerçəklər bilinmir. Həyatımızın fərqli mərhələlərində müxtəlif cavablarla qarşılaşa bilir, qorxu və güvənsizlik hiss edə bilirik. Əgər aydınlanmamış qorxularımız və suallarımız varsa, biz uşaqlarımıza öz cavablarımızla necə rahatlıq verəcəyimizi də bilmərik. Cavabını bilmədiyimiz suallarımız varsa, uşaqlarımıza həqiqətən nəyə inandığımızı söyləməliyik. Şübhələrimiz olduğu zaman dürüst bir şəkildə «O sualın cavabını bilmirəm» demək anlaşılmaz və inanmadığımız bir izahdan daha yaxşıdır. Uşaqlar hər zaman bizim şübhələrimizi hiss edirlər. Ağ yalanlar nə qədər yaxşı planlanmış olsa da, nəticədə narahatlıq və şübhə yaradır. Gec, ya da tez uşaqlarımız bizim hər şeyi bilmədiyimizi öyrənirlər. Uşaqlarımızla ölüm haqqında danışarkən fərqli insanların fərqli inanclara sahib oluğunu və hamının bizim inandığımıza inanmadığını demək kömək ola bilər. Bəziləri ölümdən sonrakı yaşama inanır, bəziləri isə yox.

İnkişaf mərhələlərində

Məktəbəqədər uşaqlar, adətən, ölümü şəxsi olmayan, keçici və geri qaytarıla biləcək bir şey kimi görürlər. 5–9 yaş arası uşaqlar ölümü son kimi təsəvvür edir və bütün yaşayan şeylərin öldüyünü düşünürlər. Ancaq onlar hələ də, ölümü onların başına gələcək bir hadisə kimi görmürlər. Onlar ölümdən öz xüsusi bacarıqları ilə qurtula biləcəkləri fikrini bəsləyirlər. 9 və 10 yaşından yeniyetməlik dövrünə qədər onlar ölümün dəyişdirilməz olduğunu qavrayırlar. Bütün yaşayan canlılar ölür və onlar da, həmçinin, bir gün öləcəklər.

Fərdi yanaşma

Uşaqlar aydın və sadə izaha ehtiyac duyurlar. Uzun˗uzun o haqda danışmaq, mürəkkəb ifadələrdən istifadə etmək uşağa sıxıcı və qarışıq gələcək. Konkret və bəsit nümunələr ona kömək edəcəkdir: insanlar öldüyü zaman nəfəs almır, danışmır və hərəkət etmir. İtlər öldüyü zaman onlar nə hürər, nə də qaça bilərlər. Güllər öldüyü zaman isə onlar böyüməz və yenidən çiçək açmazlar. Uşaq dərhal və ya daha sonra əlavə suallar verə bilər. Hər suala sadə və əlaqəli şəkildə cavab verilməlidir. Dayısının öldüyünü bilən uşaq xalasının nə üçün ağladığını soruşa bilər. Uşağın bir cavaba ehtiyacı var. «Xalan ağlayır, çünkü o dayının öldüyü üçün kədərlənir. O dayın üçün çox darıxacaq. Ölən biri olduğu zaman biz hamımız kədərlənirik» Ölümlə bağlı qayğılara ana və atanı itirmə qorxusu da əlavə olunduqda uşaqlar valideynlərinin nə zaman öləcəkləri haqda soruşurlar. Nəticədə uşaqlar ölümü bütünü ilə başa düşmürlər. Ölümün ayrılıq mənasına gəldiyini, bunun isə valideynlərindən ayrılıq olduğunu düşünən uşaq ona qayğı göstərib mühafizə edəcək kimsənin olmayacağını fikirləşir. «Sən nə zaman öləcəksən?» kimi bir sualla qarşılaşdıqda ona hislərini başa düşməyə kömək edəcək başqa bir sualla cavab vermək olar. «Sənin yanında olmayıb səni qayğısız buraxmağımdan narahatsanmı?» Belə olan halda «Mən nə zaman öləcəyim haqqında narahat deyiləm. Uzun illər sənlə birlikdə yaşamağı ümid edirəm. Mən burda olmağı və mənə ehtiyacın olduğu müddətcə sənə qayğı göstərmək istəyirəm. Ancaq mən (ata və ya ana) ölsəm, sənin yanında olub qayğına qalacaq çox insan olacaqdır. Burda xalan var, dayın və ya nənən»

Ancaq yaşlılar ölür?

Bəzən düşünmədən ölümü qocalıqla əlaqələndiririk. “Nənən öldü, çünkü o yaşlı idi” kimi bir cavab isə uşaqda şübhə yaradar. O, cavan və ya uşağın öldüyünü gördüyü zaman hamının öləcəyini öyrənir. Yaşlılarla bağlı belə bir izah daha yaxşı ola bilər: «Nənən uzun bir ömür yaşadıqdan sonra öldü. Bir çox insan uzun bir ömür yaşayır, ancaq bəziləri yox. Mən ümid edirəm ki, həm sən, həm də mən birlikdə uzun bir ömür yaşayacağıq»

Ailədə ölüm

Bəzi tədqiqatlar göstərir ki, uşaq ölümü yaxın ailə üzvlərindən birinin itkisi ilə öyrəndiyi zaman özünü günahkar hiss edir. Onlar hər hansı bir yolla bu ölümə səbəb olduqlarını düşünürlər. Bəzi uşaqlar isə bunu cəza olaraq qəbul edirlər: «Anam öldü və məni tərk etdi, çünkü mən pis uşaq idim» Belə zamanlarda uşaq, həmçinin, sevdiyi hamının öləcəyini hiss edir. Amma ona deyiməlidir ki, bu son ölüm onun sevdiyi hər kəsin öləcəyi mənasına gəlmir. Ölüm bizi acıqlandırır, çünkü ölən insan bizə kədər vermiş və bizi tək qoymuşdur. Biz həkimlərə və tibb bacılarına da əsəbi oluruq, çünkü onlar bizim sevimlimizi qoruya bilmədilər. Və özümüzə də əsəbiləşirik ki, bu ölümün qarşısını alıb, ona mane ola bilmədik. Uşaqlar öz acıqlarını daha açıq göstərməyə meyillidirlər, xüsusilə, itirdiyi onu qayğı və sevgi ilə qoruyan biri idisə. Ancaq acıq da kədərin və ağrının bir hissəsidir. Biz uşaqlara öz hislərini qəbul etməkdə kömək etməliyik. Hiss etdikləri qorxu və acıq üçün onları danlamaq doğru deyil. Ekspertlər uşağa təsir edən ölümdən 6 ay keçdikdən sonra normal həyat axışının bərpa olunacağını deyirlər. Ancaq bu simptonlar həll olunmasa, sizin peşəkarlardan yardım almağınız lazım ola bilər.

Dəfn mərasimində iştirak

Əgər uşaq başa düşəcək qədər böyük və bunda istəklidirsə, dəfndə iştirak etməsi ona ölüm gerçəyini başa düşməkdə kömək ola bilər. Uşaq mərasimdə olmağı istədiyi halda, onu dəfn öncəsi, dəfn müddəti və sonrasında görəcəklərinə və eşidəcəklərinə hazırlamaq lazımdır. Uşaq dəfndə iştirak etmək istəmirsə, bunun üçün onu günahlandırmaq və dəfnə getməyə məcbur etmək doğru deyil.

Uşağı evdən uzaqlaşdırmaq

Çox yaxın ailə üzvümüzü itirmək hislərimizi və psixologiyamızı məşğul edir və hər gün eyni məsuliyyətlə qarşılaşmaq çətin olur. Bu zaman yeniyetmənin qayğısına qalmaq daha çətin olur. Bəzən biz elə bu səbəbdən özümüzü toplayana qədər uşağımızı qohum, ya da dostumuzun evinə yollayırıq. Uşağı olanlardan uzaqda saxlamaq onunla ölümü danışmaqdan qaçınmaq üçün bir yol ola bilər. Uşağı uzaqlaşdırmazdan öncə diqqətli olun. Onların çox zaman ailə üzvlərinin qayğısında və onlarla birlikdə olmağa ehtiyacı olur. Yeniyetmə ölümü başa düşmürsə, bunu gizlətmək üçün uzaqlaşdırmaq doğru deyil. Onu evdən uzaqlaşdırmaq sevdiyi insanlardan ayrılmaq qorxusunu artıra və sıxıntı yarada bilər. Biz uşaqları öz ehtiyaclarımız və qayğılarımızla davrandığımıza bənzər bir yolla qoruya bilmərik. Onların öz dostları ilə oynamağa və qohumları ilə görüşməyə ehtiyacı var.