logo
Baş səhifə Əlaqə məlumatı Sayt haqqında məlumat
Telefon nömrələri

Həkimin konsultasiyasına nə gətirmək lazımdır?

Kamran Salayev, nevroloq, t.e.n.

Kitab artıq satışda

Həkimi mümkün qədər dəqiq və müfəssəl məlumat ilə təchiz etmək lazımdır. Aşağıda sadalanan məlumat mənbələri həkimin işini daha effektiv və nəticədə xəstənin müalicəsini daha uğurlu edə bilər.

1) Əvvəlki epikrizləri və reseptləri, tutma cədvəllərini və gündəliklərini həkimin hər konsultasiyasına mütləq gətirmək lazımdır.

Əgər epilepsiyadan başqa digər xəstəliklərə qarşı dərmanlar qəbul olunursa, həmin reseptləri də göstərmək lazımdır. Bəzi dərmanlar bir-birinə təsir göstərir və bu cür vəziyyətdə onların dozaları qarşılıqlı tənzimlənməlidir. Bəzən xəstələr digər xəstəliklərə qarşı qəbul olunan dərmanların adlarını unudur və ya səhv deyir. Bu da həkimin epilepsiya əleyhinə dərmanın seçimini və onun dozasının müəyyən edilməsini çətinləşdirir.

2) Tutmalara qarşı qəbul olunan dərmanların qutularını da gətirmək məsləhətdir. Əgər epilepsiyadan başqa digər xəstəliklərə qarşı dərmanlar qəbul edilirsə, həmin dərmanların qutularını da götürmək lazımdır. Xəstənin resepti düzgün qaydada icra etməməsi tez-tez rast gəlinən vəziyyətdir. Yəni həkim düzgün yazdığı və dəqiq başa saldığı dərman qəbulunun qaydalarını səhv başa düşmüş bir xəstə onları səhv də icra edəcək. Müayinə zamanı «bu dərmanı (qutunu göstərərək) filan qədər filan şəkildə içirəm» deməklə xəstə özünü də, həkimi də bu cür səhvlərdən sığortalayır.

3) Bütün müayinələrin nəticələri gətirilməlidir (EEQ; MRT və KT; qan və sidik kimi laborator analizlərin cavabları; genetik testlərin nəticələri).

4) Ümumiyyətlə, bütün tutmaları videoya çəkmək (bax: sual № 11.1)* və onları cədvəldə və ya gündəlikdə qeyd etmək lazımdır (bax: sual № 1.20)*. Xəstə həkimin hər konsultasiyasına gələndə onları özü ilə götürməlidir.

5) Kitabın sonunda verilən anketdə (bax: əlavə № 2. Həkimin qəbulu anketi)* həkimin verə biləcəyi əsas sualları göstərilmişdir. Həkimin qəbulundan əvvəl o suallara cavab yazmaqla ilk görüşün daha səmərəli keçməsini təmin etmək olar.

6) Həkimin konsultasiyasından əvvəl sizi maraqlandıran sualları kağızda yazın ki, birdən yadınıza düşmüş suallar çıxa-cıxda, qapıda verilməsin.

7) Heç bir normal həkim öz xəstələrini qəsdən gözlətdirməz. Əgər həkim gecikirsə, deməli, başqa bir xəstənin problemləri gözlədiyindən daha çox olub, daha çox vaxt tələb edir. Nikbin olmağa çalışmaq lazımdır. Həkimin məşğul olduğunda da müsbət cəhətlər var: həkim çox məşğuldursa, deməli, onun xəstəsi çoxdur və onun təcrübəsi və biliklərinin daha çox olmasının ehtimalı da yüksəkdir. Həkimin qəbuluna gedərkən özünüzlə maraqlı bir kitab və ya jurnal götürün ki, gözləmə otağındakı vaxt daha tez keçsin.

* Yalnız kitab versiyasına daxil edilmişdir.