logo
Baş səhifə Əlaqə məlumatı Sayt haqqında məlumat
Telefon nömrələri

Epilepsiya nədir?

Kamran Salayev, nevroloq, t.e.n.

Tədqiqatlar göstərir ki, hər il 1 000 nəfər epilepsiya xəstəliyinə tutulur. // K.Ə.S.
// K.Ə.S.

Epilepsiya nədir?

Epilepsiya ― təkrarlanan epileptik tutmalarla keçən beyin xəstəliyidir.

Lakin yuxarıda göstərilən epilepsiya xəstəliyinin elmi tərifi epilepsiya nədir? sualına aydın bir cavab vermir.

Bu səbəbdən bir neçə əlavə açıqlama tələb olunur.

Epilepsiya nədir sualına cavab olaraq aşağıdakıları qeyd edə bilərik.

Birinci bu ifadə «təkrarlanan» sözü iki və ya daha çox tutmanın baş verməsi deməkdir.

İkinci, «epileptik tutma» termini bir-birinə oxşamayan 20-dən çox müxtəlif epileptik tutma növünü əhatə edir. Tutmaların bəziləri bir neçə saniyəlik «fikrə getmək»dən ibarətdir, digərləri isə bütün bədənin şiddətli silkələnməsi ilə keçir. Üçüncü, epilepsiya xəstələrində tutmaların əksəriyyəti spontan olduğuna görə epilepsiya xəstəliyinin tərifində «təkrarlanan» sözündən sonra «spontan» sözünü də bəzən əlavə edirlər. Lakin təbabətdə bütün məsələlər kimi bu məsələ də mürəkkəbdir, çünki spontan epileptik tutmaları da qıcıqlandıran amillər mövcuddur .

Bunlardan əlavə epilepsiya bir qrup beyin hüceyrələrində qəfildən başlayan anormal sinir tutmaları səbəbilə yaranan bir xəstəlikdir. Qeyd edək ki, tutmaların sayı xəstədən xəstəyə çox fərqlənir və «təkrarlanan» sözü ömür boyu baş vermiş iki-üç tutmadan gündəlik əlli-yüz tutmaya qədər geniş diapozonu əhatə edir.

Bu məsələni aydınlaşdırmaq üçün bir neçə misaldan istifadə edək. Məsələn, ağır kəllə travmasından dərhal sonra baş vermiş tutma spontan sayılmır. Bu tutma spontan olmadığına görə də epilepsiyanın əlaməti kimi qəbul olunmur. Lakin əgər ağır kəllə travmasından iki il keçəndən sonra insanda ilk dəfə epileptik tutma baş verirsə və növbəti dörd aydan sonra həmin tutma təkrarlanırsa, bu tutmaları keçirilmiş travma ilə əlaqələndirmək çətindir. Həmin tutmalar spontan tutmalar kimi qəbul olunub, epilepsiyanın başlanğıcına işarə edə bilər.

Başqa misal: heç bir xəstəliyi olmayan gəncdə səhər yuxusunda baş vermiş tutma spontandır və epilepsiyadan şübhə yaradır. Lakin gecə boyu heç yatmamış sağlam gəncdə sübh zamanı baş vermiş tutmanın nə dərəcədə spontan olduğunu demək çətindir, çünki uzun müddət yuxusuz qalması həm sağlam, həm xəstə insanlarda tutmaya təkan verə bilər. Məhz bu səbəbdən epilepsiyanın elmi tərifində «spontan» sözünün yeri mübahisələr yaradır. Yenə də qeyd edək ki, epileptik tutmalar müxtəlif amillər tərəfindən qıcıqlandırıla bilsə də, epilepsiya xəstəliyində epileptik tutmalar əksər hallarda spontan olur.

Epilepsiya vahid xəstəlik deyil. Əksinə, «epilepsiya» adı altında bir neçə ayrı-ayrı xəstəlik nəzərdə tutulur.

Onların səbəbləri, gedişləri və nəticələri çox fərqlənir. Onları yeganə birləşdirən əlamət təkrarlanan epileptik tutmalardır. Məsələn, bəzi epilepsiya növlərinin səbəbləri irsiyyətə bağlıdır. Bu cür epilepsiyalar heç bir xəstəlik keçirməyən, sağlam uşaqlarda birdənbirə öz-özünə başlayıb, öz-özünə də müalicəsiz keçir. Digər epilepsiya növlərində isə kəllə-beyin travması və ya beyin şişi kimi aydın səbəbləri mövcud ola bilər. Bəzi xəstələrdə isə səbəb, ümumiyyətlə, tapılmır. Gedişləri və nəticələri də çox müxtəlif olur: gedişdə bir il ərzində 1 tutmadan gündə 100 tutmaya qədər və nəticədə heç bir qüsuru olmamağından ağır ağıl zəifliyinə qədər fərqli epilepsiya növləri var.

Epilepsiya barəsində daha ətraflı digər məqalələrimizdən oxuya bilərsiz: Həkimin konsultasiyasına nə gətirmək lazımdır? Əgər EEQ-nin nəticəsi «Normal»dırsa, deməli, epilepsiya yoxdur? Epilepsiyanın diaqnozunu qoymaq üçün ən dəqiq cihaz müayinəsi hansıdır? Dərmana öyrəşmə varmı? Epileptik tutma nədir? Epileptik tutma və epilepsiya eyni anlayışlardırmı? Baş vermiş tutmanın məhz epileptik tutma olduğunu necə bilmək olar? Mioklonik absanslarla epilepsiya

Kitab artıq satışda