| |||||||
|
Dərmana öyrəşmə varmı?Bəzən epilepsiyanın müalicəsi prosesində elə olur ki, epilepsiya əleyhinə dərmanın əvvəlcə təsiri olur və tutmalar kəsilir, bir müddət sonra isə onun təsiri azalır və tutmalar yenə çoxalır. Belə durumlarda tutmaları yenə nəzarət altına almaq üçün dərmanın dozasını artırmaq lazım olur. Sual yaranır: bədən dərmana öyrəşirmi? Bəzi dərmanlarda avtoinduksiya fenomeni mövcuddür. İnsan bədəninə düşən dərmanların əksəriyyəti qaraciyərdə «parçalanır» və ya «bağlama ilə örtürülür» və bədəndən ifraz olunur. Avtoinduksiyası mövcud olan dərmanlar qaraciyərdəki həmin prosesləri tezləşdirir (yəni qaraciyər tərəfindən dərmanın özünü «məhv» etməsi prosesini gücləndirir). Nəticədə, müəyyən müddətdən sonra bədən həmin dərmanı daha effektiv (tez) ifraz etməyə başlayır və qəbul olunan doza eyni qalsa da, dərmanın qandakı miqdarı azalır. Bədən dərmana «öyrəşdiyinə» görə eyni effekti almaq üçün daha çox miqdarda dərman qəbul olunmalıdır. Avtoinduksiya bir neçə epilepsiya əleyhinə dərmanlarına məxsusdur: karbamazepin, fenitoin və fenobarbital. Avtoinduksiyanın həddi var və bu proses sonsuz davam edə bilməz. Digər dərmanlarda (məsələn, diazepam və klonazepam) öyrəşmə başqa ssenari üzrə gedir. Dərman qəbul olunandan bir müddət sonra dərman təsir etdiyi beynin xüsusi «nöqtələri» həmin dərmana həssaslığını itirir. Və əvvəlki doza eyni effekti vermir ― tutmalar yenə çoxalır. Nəticədə dozanı qaldırmaq lazım olur. Epilepsiya vahid xəstəlik deyil. Əksinə, «epilepsiya» adı altında bir neçə ayrı-ayrı xəstəlik nəzərdə tutulur. Onların səbəbləri, gedişləri və nəticələri çox fərqlənir. Onları yeganə birləşdirən əlamət təkrarlanan epileptik tutmalardır. Məsələn, bəzi epilepsiya növlərinin səbəbləri irsiyyətə bağlıdır və bu cür epilepsiyalar heç bir xəstəlik keçirməyən, sağlam uşaqlarda birdənbirə öz-özünə başlayıb, öz-özünə də müalicəsiz keçir. Digər epilepsiya növlərində isə kəllə-beyin travması və ya beyin şişi kimi aydın səbəbləri mövcud ola bilər. Bəzi xəstələrdə isə səbəb, ümumiyyətlə, tapılmır. Gedişləri və nəticələri də çox müxtəlif olur: gedişdə bir il ərzində 1 tutmadan gündə 100 tutmaya qədər və nəticədə heç bir qüsuru olmamağından ağır ağıl zəifliyinə qədər fərqli epilepsiya növləri var. | ||||||
© MƏDİNƏ Tibb Mərkəzi |
Orta yaşlı bir qadın «donma» tutmalarından şikayəti ilə müraciət etmişdir. EEQ-də sağ gicgah nahiyəsində epileptik ocaq aşkarlanmışdır. Ona ilkin təyinat verildi:
Karbamazepin 200 mq
1 həb × 2 dəfə (səhər və axşam).
Dərmanın qəbulunun başlanmasından əvvəl tutmalar hər gün və ya günaşırı baş verirdi. Dərmanı başlayan kimi tutmalar tam kəsilmişdir, lakin 3 həftədən sonra yenidən baş verməyə başlamışdır. Dərmanın dozası dəyişdirildi:
Karbamazepin 200 mq
2 həb × 2 dəfə (səhər və axşam).
Nəticədə tutmalar tam dayanmışdır. Bu xəstədə müalicənin ilk 3 həftə ərzində karbamazepinin bədəndən ifrazının sürəti artmışdır (avtoinduksiya) və qanda karbamazepinin miqdarı azalıb, tutmaların təkrar peyda olmasına səbəb olmuşdur.
// K.Ə.S.