logo
Baş səhifə Əlaqə məlumatı Sayt haqqında məlumat
Telefon nömrələri

Baş vermiş tutmanın
məhz epileptik tutma olduğunu
necə bilmək olar?

Kamran Salayev, nevroloq, t.e.n.


Tutmanın epileptik və ya qeyri-epileptik olduğunu müəyyən etmək üçün ilk növbədə tutmanın müfəssəl təsviri lazımdır. Tutmanın dəqiq təsvirindən məlum olan ayrı-ayrı əlamətlər düzgün diaqnoza işarə edə bilər. Qeyri-epileptik tutmalar çox yayılmışdır və onların klinik əlamətləri çox müxtəlifdir. Məsələn, qan verərkən və ya damardaxili iynə alarkən, özündən gedib yıxılan insanda «əllərin qıcanması» və ya «ağızın kilidlənməsi» müşahidə oluna bilər. Lakin bu tutma qeyri-epileptik sayılır, çünki onun səbəbi stress (qorxu və həyəcan) nəticəsində ürək-damar sistemində yaranmış (qan təzyiqinin düşməsi və ya ürək döyüntülərinin zəifləməsi kimi) qısamüddətli dəyişikliklərdir. Başqa misal: çox böyük həyəcan keçirən şəxsdə tutma baş verir ― onun iki ayağı tutulub, əlləri titrəyir. Yenə də, tutmanın əlamətlərinə əsaslanaraq yüksək ehtimalla tutmanın qeyri-epileptik olduğunu demək olar. Yadda saxlamaq lazımdır ki, epilepsiya xəstəsində epileptik tutmalarla yanaşı qeyri-epileptik tutmalara da tez-tez rast gəlinir. Buna görə, mümkün qədər xəstənin hər tutması ayrıca təhlil olunmalıdır.

Tutmanın epileptik və ya qeyri-epileptik olduğunu müəyyən etmək məqsədilə aparat (cihaz) müayinələri də vacibdir. Bu prosesdə elektroensefaloqrafiya (EEQ) və maqnit-rezonans tomoqrafiyası (MRT) müayinələrinin rolu əvəzsizdir. Məsələn, tutmanın təsvirindən onun epileptik və ya qeyri-epileptik olduğunu bilmək mümkün deyilsə, EEQ-də ciddi epileptik dəyişikliklər tutmanın epileptik olduğunu təsdiqləyə bilər.