logo
Baş səhifə Əlaqə məlumatı Sayt haqqında məlumat
Telefon nömrələri

Epilepsiyanın diaqnozunu qoymaq üçün
ən dəqiq cihaz müayinəsi hansıdır?

Kamran Salayev, nevroloq, t.e.n.

Kitab artıq satışda

Elə bir aparat (cihaz) müayinəsi yoxdur ki, o, bütün xəstələrdə epilepsiyanın olub-olmadığını tam dəqiqliklə göstərsin. Epilepsiya xəstələrində ən çox istifadə olunan müayinə elektroensefaloqrafiyadır (EEQ). Epilepsiya xəstələrinin əksəriyyətində EEQ müayinəsi beyində bu xəstəliyə xas olan müəyyən dəyişiklikləri aşkar edir. Lakin yadda saxlamaq lazımdır ki, epilepsiya xəstələrinin az qismində EEQ-in nəticələri «Normal»dır, və ya əksinə, bəzi sağlam insanlarda EEQ-də epileptik fəaliyyət aşkarlanır. Buna görə EEQ-nin həm mənfi, həm müsbət nəticələrini böyük ehtiyatla təhlil etmək lazımdır.

Başqa müayinələrdən maqnit-rezonans tomoqrafiyasını (MRT) qeyd etmək lazımdır. MRT müayinəsi beynin «şəklini» göstərir. MRT şəklində beynin formasındakı dəyişikliklərin aşkarlanması epilepsiya diaqnozunun qoyulmasını asanlaşdıra bilər. Məsələn, MRT-də aşkarlanan hippokampın (dəniz atı qırışının) sklerozu gicgah epilepsiyasının təsdiqi kimi qəbul oluna bilər.

Qan analizləri epilepsiyanın diaqnozunun qoyulmasında vacib rol oynamır.

Ümumiyyətlə, epilepsiyanın diaqnozunun qoyulması bir tərəfdən həkimin apardığı nevroloji müayinə ilə tutmanın təsvirinə (tutmanın video çəkilişi də ona aiddir), o biri tərəfdən aparat müayinələrinin nəticələrinə (ilk növbədə EEQ, sonra MRT və digərləri) əsaslanır. Diaqnozun qoyulması təkcə «aparat»ın nəticələrinə əsaslana bilməz; o, bütün mənbələrdən əldə olunan məlumatların təhlilinin nəticəsi olmalıdır.